Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə çıxışı
23 may 2016-cı il, Brüssel
Xanım Moqerini, çox sağ olun!
Komissar Han,
Hörmətli həmkarlar,
Xanımlar və cənablar,
Biz fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin yeni Avropa Qonşuluq Siyasətinin yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayırıq. Bu sənəd Avropa İttifaqının Şərq Avropa İttifaqının Şərq istiqamətində olan siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaqdır.
Azərbaycan həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirmişdir. Bir il əvvəl Azərbaycan Riqa Sammiti çərçivəsində Aİ-yə Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təqdim etmişdir. Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaqdır.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərinin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olmuşdur. Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və Strateji Tərəfdaşlıq Sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcəkdir.
Hazırda, biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin, biz Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etməyə də hazırıq.
Hörmətli həmkarlar,
Yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin tamamlanmasının əhəmiyyətini bir daha təsdiq etdi. Bu möhtəşəm qlobal əhəmiyyətli layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Bu yaxınlarda Bakıda keçirilmiş, Federika Moqerini və Maros Sefçoviçin iştirak etdiyi Məsləhət Şurasının 2-ci Nazirlər Görüşü dəyəri milyardlarla ölçülən bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik ismarışını verdi. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz-kəmərinin təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoydu. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır.
Nəqliyyat sahəsində də istifadə olunmamış böyük potensial vardır. Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir. Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaqdır.
Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün effektiv alət rolunu oynayacaqlar.
Xanımlar və Cənablar,
Multikulturalizm və fərqlilik radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələri dəf etmək üçün geniş təşviq olunmalıdır. Azərbaycan öz fəal multikultural cəmiyyəti ilə bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nın xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizimlə praktiki əməkdaşlığın formalarının müəyyən edilməsi vasitəsi kimi baxırıq.
25-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olan Bakı Bəyannaməsini qəbul etmişdir. Forumun mövzuları və alt-mövzuları inkluziv cəmiyyətləri davamlı inkişafın əsas komponenti kimi təşviq edən və ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapmışdır. Foruma dövlət və hökumət başçıları, rəsmi şəxslər, elm xadimləri, mütəxəssislər və vətəndaş cəmiyyəti və media nümayəndələri də daxil olmaqla, 4000-dən çox iştirakçı qatılmışdır.
Yenilənmiş AQS sabitliyi Avropa Qonşuluğunun bir çox tərəflərində ən təcili çağırış kimi irəli sürmüşdür. Sözün əsl mənasında - əsl sabitləşməni təcili təhlükəsizlik çağırışlarına müraciət etmədən, daha dəqiqi, Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin nizamlanmasına nail olmadan təsəvvür etmək mümkün deyildir.
16 may tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı “status-kvo” zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, status kvo etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır.
Konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər. Buna baxmayaraq, Azərbaycanı “çirkli bombalar” ilə hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir. Bu baxımdan, biz beynəlxalq ictimaiyyəti Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməyə çağırırıq. Bu xüsusilə Ermənistan tərəfindən radioaktiv materialların potensial olaraq üçüncü ölkələrə qeyri-qanuni dövriyyəsi ilə bağlı əvvəllər və bu yaxınlarda aşkar olunmuş bədnam cinayət halları baxımından çox vacibdir.
Çox sağ olun!