Notary services

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri səlahiyyətli vəzifəli şəxslər – konsullar tərəfindən aparılır.

Konsullar aşağıdakı notariat hərəkətlərini aparır:
1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
8) şəxsin sağ olması faktını təsdiq edir;
9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;
10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri  depozitə qəbul edir;
13) icra qeydləri aparır;
14) sənədləri saxlanmaq üçün qəbul edir;
15) dəniz protestləri tərtib edir;
16) sübutları təmin edir.

Bundan başqa konsul

  • əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər;
  • sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər;
  • notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər;
  • fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər.

Konsul öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının adına və bu şəxslərin adından, həmin konsul ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərini apara bilməz.

Notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, konsul imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.

Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədi ona məlum olan dildə imza edir.

Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətləri aparılmasının əsas qaydaları

Notariat hərəkətlərinin aparılması müddəti.  
Notariat hərəkətləri lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu ödənildiyi gün aparılır.
İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri Azərbaycan Respublikasının müvafiq orqanlarına ekspertizaya göndərmək lazım gəldikdə, notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında Azərbaycan Respublikasının məhkəmələrindən məlumat gəldikdə, notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.

Notariat hərəkətləri aparılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
Notariat hərəkətlərini apararkən konsul notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini aşağıdakı sənədlər əsasında müəyyən edir: 
• Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
• Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
• Azərbaycan Respublikası vətəndaşının xidməti pasportu;
• Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportu;
• Azərbaycan Respublikası vətəndaşının sürücülük vəsiqəsi (Nəqliyyat vasitəsinin müvəqqəti əvəzsiz istifadəyə verilməsinə dair etibarnamə təsdiq edilərkən etibar edənin şəxsiyyətini müəyyən etmək məqsədilə);
• Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi (yalnız 16 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlara münasibətdə);
• Azərbaycan Respublikasının hərbi hissələrin və hərbi idarələrin komandanlığının verdiyi şəxsi vəsiqə və ya hərbi bilet (Hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək məqsədilə);
Dənizçilərin şəxsiyyəti onların şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edilir.
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü təsdiq edilərkən vətəndaşların şəxsiyyəti, həmçinin iş yeri üzrə idarə, müəssisə, təşkilat tərəfindən onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya sürücülük vəsiqəsi əsasında da müəyyən oluna bilər.

Sənədlərin imzalanması
Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər konsulun iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd konsulun iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.
Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və konsulun iştirakı ilə başqa şəxs imzalaya bilər. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, konsul ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur.
Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kar, kor, kar-lal və ya savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.

Notariat hərəkətlərinin aparılması üçün zəruri sənədlərə dair tələblər
1. Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisənin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.
 2. Notariat hərəkətləri aparılarkən aşağıdakılar nəzərə alınmalıdır:

  • Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır;
  • fiziki şəxslərin soyadı, adı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir;
  • iki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir;
  • sənədin mətnində tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda konsul tərəfindən şərtləşdirilir;
  • sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqində mürаciət еdən şəхs iştirаk etməli, Аzərbаycаn Rеspublikаsı vətəndаşının şəхsiyyət vəsiqəsini və apostil verilmiş sənəd təqdim etməlidir. 
  • Təhsil müəssisəsindən verilən qeydiyyat şəhadətnaməsində müəssisənin möhürü və məsul şəxsin imzası olmalıdır. 

Konsul notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək hüququna sahibdir. Tələb olunan məlumat və sənədlər konsulun göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.

Sənədlərin dublikatının verilməsi
Konsulun təsdiq etdiyi və ya verdiyi sənəd itirildikdə, konsul verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri Azərbaycan Respublikasının dövlət notariat arxivinə təhvil verilənədək notariat hərəkətinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış şəxsin, idarə, müəssisə və təşkilatın yazılı ərizəsinə əsasən itirilmiş sənədin dublikatını verir.
Sənədin dublikatında təsdiq edilmiş və ya verilmiş sənədin tam mətni olmalıdır. Sənədin dublikatında müəyyən olunmuş forma üzrə təsdiq qeydi aparılır.
Vəsiyyətnamənin dublikatı vəsiyyətnamədə göstərilən vərəsələrə yalnız vəsiyyət edənin ölümü haqqında şəhadətnamə vərəsələr tərəfindən təqdim edildikdən sonra verilə bilər. Vəsiyyətnamədə göstərilmiş vərəsələr öldükdə, vəsiyyətnamənin dublikatı onların vərəsələrinə, onlar vəsiyyət edənin ölümü haqqında şəhadətnamə (əgər əvvəllər bu cür şəhadətnamə təqdim olunmamışsa) və vəfat etmiş vərəsənin ölümü haqqında şəhadətnamə təqdim etdikdə verilə bilər. Konsul təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər.

Notariat hərəkətlərinin aparılması zamanı konsulun vəzifələri
Konsul öz vəzifələrini yerinə yetirərkən aşağıdakı tədbirləri həyata  keçirməlidir:
1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;
2) notariat hərəkətlərinin aparılması barədə onlara xəbərdarlıq etməlidir;
3) Azərbaycan Respublikasının qanunvericiliyə əməl etməli;
4) peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.

 

Notariat hərəkətlərinin qeydiyyatı

Konsulun apardığı bütün notariat hərəkətləri müvafiq notariat reyestrində qeyd edilir: 

1. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün  təsdiq edilməsi «1-S» reyestrinə; 
2. vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət  hüququ haqqında şəhadətnamə «2-V» reyestrinə; 
3. daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa bütün  müqavilələr «3- M» reyestrinə; 
4. depozit hərəkətləri «5-D» reyestrinə; 
5. sənədlərin leqallaşdırması «6-L» reyestrinə; 
6. Aşağıdakı notariat hərəkətləri isə «7-E» reyestrinə qeyd edilir: 
• miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsi;
• sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi;
•  sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq   edilməsi;
•  şəxsin sağ olması faktının təsdiq edilməsi;
•  şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi;
•  şəxslə fotoşəkildəki şəxsin eyniliyinin təsdiq edilməsi;
•  sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsi;
•  icra qeydlərin aparılması;
•  sənədlərin saxlanmaq üçün qəbul edilməsi;
•  dəniz protestlərinin tərtib edilməsi; 
•  sübutların təmin edilməsi. 

Konsul notariat hərəkətləri aparılması haqqında tapşırıq vermiş və ya barəsində notariat hərəkətləri aparılmış hüquqi və fiziki şəxslərin yazılı ərizəsinə əsasən, habelə məhkəmənin, istintaq və təhqiqat orqanının qərarı əsasında notariat reyestrindən çıxarış verir. Notariat reyestrindən çıxarışı konsul gerbli möhür vurmaqla təsdiq edir.

 

Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi

Konsul aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina edə bilər:

  • notariat hərəkətlərinin aparılması qanuna ziddirsə;
    • notariat hərəkət başqa konsul, notarius və ya vəzifəli şəxs  tərəfindən aparılmalıdırsa;
    • notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan  şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət  etmişsə;
    • hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya  əsasnaməsində göstərilən məqsədlərə ziddirsə;
    • qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa;
    • sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya   
     sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən   məlumatlar varsa;
    • əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə.

Konsul notariat hərəkətinin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidir. Aparılmış notariat hərəkətini və ya notariat hərəkətinin aparılmasından imtina edilməsini düzgün saymayan şəxsin bu barədə konsulun qərarından müvafiq məhkəməyə şikayət vermək hüququ vardır.

Konsul notariat hərəkəti apararkən şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunvericiliyi pozduqlarını aşkara çıxardıqda, bu barədə lazımi tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, təşkilata və ya prokurora xəbər verir.
Əgər təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurursa, konsul bu sənədi alıb (götürüb) ekspertizaya göndərməlidir.

Konsulun notariat hərəkətlərinin mahiyyətinə aid olmayan hərəkətləri (notariat hərəkətlərinin aparılması müddətlərinin pozulması, müəyyən edilmiş qəbul saatlarına riayət edilməməsi, ədəbsizlik edilməsi və sair) barəsində şikayətlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən baxılır.

Konsulun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılan notariat hərəkətlərinə görə qanunvericiliklər müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu dövlət büdcəsinə köçürülür.
Konsul iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxs (notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs) tərəfindən ödənilməlidir. 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.4.-cü maddəsinə əsasən, əlavə olaraq, vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.

 

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 11.1. və 17.1.-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu tutulmur: 

  • doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
    - pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;
    - Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsi üçün; 
    - Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsi üçün.

 

 

Search in archive