Azərbaycan RespublikasıVətəndaşlığına Xitam Verilməsi
Siyahıda göstərilən bütün sənədlər 5 nüsxədə təqdim edilməli və hər birində müraciət edənin orijinal imzası atılmalıdır.
1. Vətəndaşlığa xitama dair ərizə;
2. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Republikası Prezidentinin adına ərizə;
3. 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm);
4. Tərcümeyi-hal
5. 60 dollar (altmış) dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır.
Niderland orqanlarına ərizəçinin xitam ilə bağlı proseduru başlatdığı barədə arayışın verilməsi istənilirsə, bununla bağlı əlavə olaraq 10 (on) dollar ödənilməlidir.
Diqqət: Bütün rüsumlar həmin günün məzənnəsinə uyğun olaraq, ərizəçi tərəfindən avro ekvivalenti ilə ödənilməlidir. (Ərizəçi rüsumu ABŞ dolları ilə ödəyərsə, bank tərəfindən valyuta mübadiləsi ilə bağlı çıxılan əlavə ödəniş ərizəçi tərəfindən ödənilməlidir. Bu baxımdan, əlavə ödənişin olmaması üçün rüsumun avro ilə ödənilməsinə diqqət yetirməyinizi xahiş edirik);
6. Azərbaycan Respublikasını ümumvətəndaş pasportunun surəti;
7. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti (olduğu təqdirdə);
8. Niderland pasportunun surəti (olduğu təqdirdə);
9. Hərbi mükəlləfiyyəti olan şəxslərə dair müvafiq sənədin surəti (hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd, hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış);
10. Doğum haqqında şəhadətnamənin surəti;
11. Dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə, bu xüsusuda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən vətəndaşlar tərəfindən təqdim edilməsi tövsiyə olunan sənədlər:
- Kredit öhdəliyinin olmaması barədə Azərbaycan Kredit Bürosundan sənəd (bu sənəd kredit bürosundan şəxs tərəfindən elektron qaydada əldə oluna bilər)
- Dövlət qarşısında vergi öhdəliyinin olmaması barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyindən sənəd (bu sənəd VN-dən şəxs tərəfindən elektron qaydada əldə oluna bilər)
- Alimentin tutulması və barəsində hər hansı icra sənədinin olmaması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən sənəd (şəxs bu barədə arayışı elektron qaydada Ədliyyə Nazirliyindən əldə edə bilər)
Yetkinlik yaşına çatmayan uşaqların (18 yaşına qədər) - Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələsi onların valideynləri ilə birgə (valideynlərin ərizə-anketində qeyd edilməlidir) və ya valideynin vəsatəti əsasında müvafiq sənədlər əlavə edilməklə həyata keçirilir. Bu halda tələb olunur:
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti
- pasportun, şəxsiyyət vəsiqəsinin surəti
- 4 ədəd 3x4 ölçüdə fotoşəkil
- valideynlərin vətəndaşlığı haqqında sənədlərin surəti
- övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti
- 14 yaşından 18 yaşadək olan uşaqların vətəndaşlıqdan çıxması üçün onların notarial qaydada təsdiq edilmiş razılığı
- Valideynlərdən biri öz vəsatətində övladının da vətəndaşlığını xitam verilməsini göstərdiyi təqdirdə, digər valideynin (əgər həmin şəxs məhkəmənin qərarı ilə valideynlik hüququndan məhrum edilməmişdirsə) notarial qaydada təsdiq olunmuş yazılı razılıq ərizəsi
Valideynlərdən birinin Azərbaycan Respublikası vəsatəti ilə və ya Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.
Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər.
Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.