Pasport

ÜMUMİ MƏLUMAT

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasına qayıtmaq hüququ verən aşağıda qeyd olunan sənədlərdən biri ilə təmin edirlər:

- Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;

- şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportunun etibarlılıq müddəti:

1 yaşınadək uşaqlar üçün- 1 (bir) illik

1 yaşından 3 yaşınadək uşaqlar üçün- 3 (üç) illik

3 yaşından 18 yaşınadək uşaqlar üçün- 5 (beş) illik

18 yaşına çatmış şəxslər üçün- 10 (on) illik

Diqqət! Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar xarici ölkələrə səfər etmək üçün viza əldə etmək məqsədilə (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında razılaşma olan ölkələr istisna olmaqla) müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

 

Ümumvətəndaş pasportu üçün lazım olan sənədlər:

Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsina malik olan şəxslər Səfirlik vasitəsilə ümumvətəndaş pasportuna müraciət edə bilərlər.

Pasport üçün sənədlər konsulluq şöbəsi tərəfindən təyin olunmuş görüş zamanı təqdim edilməlidir. Sənədləri tam olmayan şəxslərin müraciətlərinə baxılmır. 

Zəruri sənədlər:

1. Ərizə-anket (18 yaşı tamam olmuş vətəndaş üçün); Ərizə-anket (18 yaşı tamam olmamış vətəndaş üçün);

2. 18 yaşı tamam olmamış uşaqların valideynləri tərəfindən yazılmış razılıq ərizəsi

3. Müraciət edən şəxsin qüvvədə olan şəxsiyyət vəsiqəsi və ya surəti;

4. 4 (dörd) ədəd foto şəkil;

5. Ərizəçi 18-35 yaş hədlərində olduqda, hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə)

6. 25 dollar (iyirmi beş) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. 

Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir.

Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

7. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

 

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq DÖVLƏT RÜSUMU ödənilməlidir: 

Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi və vaxtı bitmiş  ümumvətəndaş pasportunun yenilənməsi üçün:

  1. bir yaşınadək uşaqlar üçün - 15 manat;
  2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
  3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
  4. on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 manat.

Ümumvətəndaş pasportunun itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üçün:
 
1. bir yaşınadək uşaqlar üçün - 25 manat;
2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
4. on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat

Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi, oğurlanması, dolması, korlanması və ya məlumat dəyişikliyi ilə əlaqədar yenidən verilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kassasında əlavə olaraq 10 (on) manat miqdarında dövlət rüsumu ödənilməlidir;

Qeyd: Yeni ümumvətəndaş pasportu təhvil alındıqda vətəndaşa məxsus vaxtı keçmiş pasport Konsulluq bölməsinə təhvil verilməlidir.

 

Arxiv üzrə axtarış