Müstəqillik Günü münasibətilə Səfirliyimiz tərəfindən rəsmi qəbul keçirilmişdir.
Müstəqillik Günü münasibətilə Səfirliyimiz tərəfindən Haaqa şəhərinin “Marriott” mehmanxanasında rəsmi qəbul keçirilmişdir.
Tədbirdə Niderlandın rəsmi qurumları, o cümlədən Xarici İşlər Nazirliyinin, parlamentin, müxtəlif nazirliklərin, bu ölkədəki diplomatik korpusun, beynəlxalq təşkilatların, siyasi, iqtisadi, mədəni, elmi-akademik dairələrin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Niderland Krallığının dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını nümayiş etdirən video çarxın təqdimatından sonra Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə tədbiri giriş sözü ilə açmışdır.
Ardınca Niderland tərəfindən fəxri qonaqlar qismində Haaqa şəhərinin meri Yan van Zanen və Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Vestestrate çıxış etmişlər.
Ardınca 21 may tarixində Haaqa şəhər Meriyasının binasındakı “Atrium City Hall”da Səfirlik və “Azərxalça” ASC-nin birgə təşkil etdiyi “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” xalça sərgisinin açılış mərasimi ilə bağlı xüsusi video çarx nümayiş olunmuşdur.
Tədbirin rəsmi hissəsinin sonunda “Xarıbülbül” rəqs qrupunun ifasında “Naz eləmə”, “Mirzəyi” və “Uzun dərə” kimi Azərbaycan milli rəqsləri təqdim olunmuşdur.