news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 aprel 2016

Şəhidlərimizin xatirəsi Haaqada yad edilib

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı Niderlandın yerli ictimaiyyətinin nümayəndələri və diasporumuzun təmsilçiləri Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına gələrək həmrəylik nümayiş etdiriblər.

Burada təmas xəttindəki gərginliklər zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib, binanın önünə güllər qoyulub, şamlar yandırılıb, dualar oxunub.

Səfir Mir-Həmzə Efendiyev və Niderlandda fəaliyyət göstərən aparıcı diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə görüşüb. O bildirib ki, aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınıb, qoşunların təmas xətti boyunca mövqelərimiz Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımi addımlar atıb. Azərbaycan torpaqlarının hərbi işğalının münaqişənin həllinə xidmət etmədiyi və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacağı diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan bu reallıqla nə qədər tez barışsa, münaqişə də bir o qədər tez həll olunacaq.

Görüşdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü və iyirmi ildən çox davam edən təcavüzkar siyasətin ağır nəticələri barədə söhbət açılıb. Son günlərdə təmas xəttində baş vermiş hadisələrlə bağlı Niderland ictimaiyyətinin dürüst və dolğun şəkildə məlumatlandırılmasının, bu istiqamətdə diaspor təşkilatları tərəfindən birgə addımların atılmasının önəmi vurğulanıb.

Görüşdə Niderland-Azərbaycan Əlaqələndirmə Platforması, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Mədəniyyət Dərnəyi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər diaspor təşkilatlarının rəhbərləri və fəalları, yerli ictimaiyyətin təmsilçiləri, Niderlandda təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti