news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 noyabr 2017

İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın Baş nazirlərini, Tacikistanın, Türkmənistanın nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Əziz qonaqlar, sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.

Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir.

Ondan əvvəlki dövrdə biz böyük tarixi əhəmiyyətə malik olan Bakı–Tbilisi-Ceyhan neft kəmərinin açılışını bərabər qeyd etmişdik. Ceyhan şəhərində o təntənəli mərasim mənim xatirimdədir, 2006-cı ildə əziz qardaşım Prezident Ərdoğanla birlikdə o kəməri açmışdıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir. Yəni, bizim ölkələrimiz, eyni zamanda, başqa ölkələr üçün də tranzit imkanları təmin ediblər. Ondan bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri yenə də Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına inşa edilmişdir. Bu layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Üç ölkə, eyni zamanda, öz elektrik xətlərini birləşdirmiş və bu gün bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir. Təbii ki, dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizinin 4 hissəsi var. “Şahdəniz-2” layihəsi 98 faiz icra edilib. Cənubi Qafqaz kəməri Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir, orada icra səviyyəsi 99 faizdir. Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə təqribən 60 faizə yaxındır. Yəni, Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb. Təbii ki, əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik.

Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.

Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparmışdır. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər.

Onu da qeyd etməliyəm ki, Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni, bütün infrastruktur hazırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək.

Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir.

Bütövlükdə deyə bilərəm ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir. Azərbaycanda bu sahəyə çox böyük sərmayə qoyulur. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilmişdir, 6 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var – 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilmişdir. Bu zavod bütün növ gəmiləri istehsal edir. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmlə işləyəcək. Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bax, bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk.

Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Bakı-Tbilisi-Qars yolu həmişə açıq olacaq. Sağ olun.

                                                                                                   X X X

Mərasimdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili çıxış etdi.

Baş nazir Giorgi Kvirikaşvilinin çıxışı

- Çox hörmətli Prezident Əliyev.

Çox hörmətli Prezident Ərdoğan.

Çox hörmətli Baş nazir Saqintayev.

Çox hörmətli Baş nazir Aripov.

Tacikistandan və Türkmənistandan olan hörmətli hökumət üzvləri, hörmətli xanımlar və cənablar.

İcazə verin, əvvəlcə bu mötəbər mərasimə təşrif buyurduğunuz üçün hamınızı salamlayım. Bugünkü toplantımız həm ölkələrimiz və bütövlükdə region üçün əlamətdar hadisəyə həsr olunur. Biz bu gün rəsmən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını elan edirik. Bu da öz növbəsində, birgə layihələrin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə və qonşu, dost ölkələrin rəsmilərini dəvət etdiyinə görə mən, ilk növbədə, Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Bu da birgə baxışların və maraqların nümayişidir.

Mən fürsətdən istifadə edərək Prezident Ərdoğanı və bütövlükdə türk xalqını Respublika Günü münasibətilə təbrik etmək istəyirəm. Türkiyə, Azərbaycan və Gürcüstanın bu layihədə birgə iştirakı, Qazaxıstanın və Özbəkistanın Baş nazirlərinin, həmçinin Türkmənistan və Tacikistanın hökumət üzvlərinin mərasimdə iştirakı layihənin mühüm əhəmiyyətini, cəlbediciliyini və onun strateji önəmini nümayiş etdirir.

Bu gün region və dünya bir çox təhlükələrlə üz-üzədir. Təəccüblü deyil ki, bizim ölkələrin inkişafına, ölkələr arasında ticari və iqtisadi əlaqələrin genişlənməsinə və bundan irəli gələn sabitliyə yönələn layihə belə yüksək diqqətə layiqdir. Ölkələrimizin geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Əminəm ki, yeni dəmir yolu xətti təkcə bizim regionda deyil, onun ətrafında da mövcud iqtisadi şəraiti dəyişəcək və inkişafın yeni mərhələsini yaradacaq. Əminliklə demək olar ki, bu gün yeni Avrasiya körpüsünün təməli qoyulur. Bu, təkcə bizim iqtisadiyyatlarımızı deyil, həmçinin vətəndaşlarımızı bir-birinə bağlayacaq, onların rifah halını daha da yaxşılaşdıracaq.

Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ölkələrimizin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu yük daşımalarından başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək. Yeni dəmir yolunun istismarı müasir infrastrukturun inkişafına da töhfə verəcək, yeni bazarlar mənimsənilənəcək, turizm və emal sektoru inkişaf edəcək, yeni iş yerləri yaradılacaq. Bu, bizim regionumuzun iqtisadi inkişafı üçün mühüm amildir.

Son illər ölkələrimiz arasında əldə olunan uğurları alqışlayırıq. Qeyd etmək istərdim ki, hər bir ölkənin uğuru digər ölkələrin inkişafına, sabitliyinə və təhlükəsizliyinə təminatdır. Bu gün biz nəinki ticari potensialımızı, eyni zamanda, dünyanın ən iri bazarlarına çıxışımızla ölkələrimizi bir-birinə bağlayırıq. Həm dünya bazarlarının məhsulları, həm öz məhsullarımız yeni kommunikasiyanın yaradılmasını tələb edir. Beynəlxalq yükdaşımaların stimullaşdırılması və ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün bizim ölkələrimiz yeni nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsinə, mövcud olan infrastrukturun modernləşdirilməsi və səmərəli işləməsinə böyük əhəmiyyət verir.

Dəmir yolunun tikintisi və modernləşdirilməsindən başqa, biz liman infrastrukturunu da inkişaf etdiririk və nəqliyyat infrastrukturuna da maliyyə dəstəyi göstəririk. Bu da Gürcüstan ərazisində tranzit dəhlizin dördzolaqlı magistral yolunun inşasına yönəldilib. Bundan əlavə, Gürcüstan İpək Yolunun dirçəlişinə və “Bir kəmər - bir yol” layihəsinin reallaşmasına təşəbbüs göstərir.

Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru öz növbəsində Çinlə ticari əlaqələrin genişlənməsinə kömək edəcək. Biz şadıq ki, Çin və Avropa İttifaqının ticari tranzit xəritəsində bu marşrut yeni “Orta Dəhliz” rolunu oynayır. Bu dəhlizi məhz Prezident Ərdoğan belə adlandırmışdı. Ərdoğan bu sözləri Çində keçirilən sammitdə söyləmişdi. Bu gün konteyner qatarı Çindən Gürcüstana Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə 8 günə çatır. Mən fürsətdən istifadə edib şəxsi diqqətinə görə Prezident Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. O, həmişə bu marşruta böyük diqqət ayırıb. Mən əminəm ki, “Bir kəmər - bir yol”un nikbin effekti Orta Asiyanın digər ölkələrinə də yayılacaq. İndi artıq imkan var ki, konteynerlər Türkiyə istiqamətinə bu dəmir yolu ilə daşınsın. Biz istəyirik ki, bu yol vasitəsilə Gürcüstan və region maksimal dərəcədə Avropa İttifaqının Transavropa nəqliyyatı şəbəkəsi ilə inteqrasiya olunsun. Əminəm ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu marşrutu bu məqsədə çatmaqda müstəsna rol oynayacaq.

Diqqətinizə çatdırmaq istəyirəm ki, bu il noyabrın 28-29-da Tbilisidə Böyük İpək Yoluna həsr olunan yüksək səviyyəli beynəlxalq forum keçiriləcək. Bu, artıq Gürcüstanda ikinci görüş olacaq. Burada 40-dan çox ölkənin hökumət və özəl sektorunun nümayəndələri iştirak edəcəklər. Belə miqyaslı görüş bizə bir daha yuxarıda qeyd etdiyimiz dəhlizin əhəmiyyətini nümayiş etdirməyə imkan verəcək. Əlbəttə ki, bu dəmir yolunun əhəmiyyəti çox böyükdür və burada ölkələrin fəal təmsil olunması da çox vacibdir.

Bugünkü tədbirə görə Prezident İlham Əliyevə, eyni zamanda, öz dostlarımıza, dost ölkələrin liderlərinə, hökumət nümayəndələrinə, bu illər ərzində öz fədakar və yorulmaz əməyi ilə bu mürəkkəb layihənin reallaşmasına dəstək verən insanlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Ən əsası isə odur ki, bu layihədə burada təmsil olunan ölkələrin mütəşəkkilliyi və birliyi nümayiş olundu. Əminəm ki, bu cür layihələr və bir-birimizin yanında olmağımız əlaqələrimizi daha da dərinləşdirəcək və təkcə bizim ölkələrimizə deyil, eyni zamanda, regionumuza uğur gətirəcək. Bir daha sizə təşəkkür edirəm. Diqqətinizə görə sağ olun, hamınıza uğurlar diləyirəm.

                                                                                                          X X X

Sonra Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev çıxış etdi.

Baş nazir Bakıtjan Saqintayevin çıxışı

-Hörmətli Azərbaycan və Türkiyə prezidentləri. 

Hörmətli Gürcüstan və Özbəkistanın Baş nazirləri.

Hörmətli tədbir iştirakçıları.

Biz bu gün tarixi bir hadisəyə şahidlik edirik. Bu gün gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir. O, həm də Avropaya qədər uzanacaq və Transxəzər beynəlxalq daşımalarında əsas təməl layihələrdən biri olacaq. Bu yeni dəmir yolu ölkələrimizin nəqliyyat və logistik imkanlarının inkişaf etdirilməsinə töhfə verəcək.

Hörmətli dostlar, Avrasiyanın düz mərkəzində yerləşən Qazaxıstan Avropa ilə Asiya arasında transkontinental daşımaların inkişafi üzrə fəal iş aparır. Biz Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasını dəstəkləyən ilk ölkə olmuşuq. Bu qərar Qazaxıstanın və Çinin dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən 2016-cı ildə qəbul edilib. Bu mühüm qərarın paytaxtımız Astanada qəbul edilməsi bizim üçün rəmzi xarakter daşıyır. Layihə Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, optimal logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir. Öz tranzit, nəqliyyat potensialının inkişafı və “qızıl körpü” qismində Avrasiyanın qitələrarası sisteminə qoşulması Qazaxıstanın strateji vəzifəsidir. Biz bu vəzifənin yerinə yetirilməsi ilə “Nurlu yol” Dövlət Proqramının reallaşdırılması çərçivəsində səylə məşğuluq. Son 9 il ərzində Qazaxıstanın nəqliyyat-logistik sisteminə yatırılan sərmayə 28 milyard ABŞ dolları həcminə yaxın olub.

Biz Transxəzər dəhlizinə dəstək göstərmişik, 1700 kilometr yeni dəmir yolu və 3500 kilometr avtomobil yolu inşa etmişik, Aktau limanının modernləşdirilməsi həyata keçirilib, Kurık bərə limanı tikilib. Bu yeni strateji layihə artıq öz zəruriliyini və səmərəliliyini təsdiq edib. Bu yaxınlarda həmin liman vasitəsilə 1 milyon ton yükün daşınması göstəricisi qeydə alınıb. Perspektivdə Xəzərdə Qazaxıstan limanlarının iş qabiliyyəti ildə 25 milyon ton yükdən artıq olacaq. Qazaxıstan Transxəzər istiqamətində optimal marşrutların formalaşdırılmasına vəsait ayırıb. Həmin investisiyaların həcmi 10 milyard ABŞ dollarından çox olub. Beləliklə, Çindən, Mərkəzi Asiya ölkələrindən, Rusiyanın Ural-Sibir regionundan Transxəzər dəhlizinə yük axınının ən qısa yolunu təmin etmişik. 2020-ci ilə qədər Qazaxıstanın nəqliyyat-logistika sisteminin inkişafına qoyulacaq əlavə investisiyalar 8 milyard ABŞ dollarından çox olacaq. Bu isə böyük İpək Yolunun ticari axınına yeni impuls verəcək. Beləliklə, Qazaxıstanın formalaşmış səmərəli nəqliyyat-logistika infrastrukturu optimal logistik bəndin istifadəsi ilə Şərq-Qərb, Çin-Avropa istiqamətləri üzrə yük axınını təmin edir. Bu bənd yükləri Xəzərdən keçməklə Çinin Lyanyunqan limanından Türkiyəyə, Cənubi Avropaya dəniz nəqliyyatına nisbətən iki dəfə az vaxtda çatdırmağa imkan verir.

Hörmətli mərasim iştirakçıları. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi regional ticarətin inkişafına hiss olunacaq təkan verəcək. O, iqtisadi artım üçün əlavə potensial yaradacaq. Dəhliz bütün Cənubi Qafqaz regionunun sabit və təhlükəsiz inkişafına stimul olacaq.

Bu gün Qazaxıstanın Kurık limanından bərə ilə Bakının Ələt limanına Qazaxıstanda və Çində formalaşmış ilk konteyner qatarları gəlib. Daha sonra qatarlar Bakı-Tbilisi-Qars marşrutu ilə Türkiyədə yükü qəbul edən məntəqəyə qədər yollarını davam etdirəcək.

Bu tarixi hadisə münasibətilə dövlət başçılarını, bu təntənəli mərasimin bütün iştirakçılarını təbrik etmək istəyirəm. Diqqətinizə görə sağ olun.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti