Niderland şirkətləri Azərbaycanın qeyri-neft sektoruna son üç ildə 330 milyon dollardan çox investisiya yatırıb
Azərbaycanın qeyri-neft sektoruna Niderland şirkətləri tərəfindən təkcə son üç ildə 330 milyon ABŞ dollarından çox investisiya yatırılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampla görüşündə bildirib.
Nazir Şahin Mustafayev Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb. Hazırda Azərbaycanda 112 Niderland şirkəti fəaliyyət göstərir. Bir sıra Niderland şirkətləri Azərbaycanda reallaşdırılan layihələrdə podratçı qismində iştirak edirlər. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Görüşdə kənd təsərrüfatı, İKT, enerji, turizm, ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, Niderland şırkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, aqroparklarda iştirakı, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq, birgə sərgi, yarmarka və təqdimatların keçirilməsi təklif edilib. Mayın 17-də Bakıda keçiriləcək növbəti Niderland-Azərbaycan biznes forumu da iş adamları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.
Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Henk Kamp Azərbaycanda həyata keçirilən iqtisadi islahatları müsbət qiymətləndirib, Niderland şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.