news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 noyabr 2015

“DIPLOMAT MAGAZINE” JURNALINDA “AZƏRBAYCAN: DAVAMLI INKIŞAF HƏDƏF KIMI” BAŞLIQLI MƏQALƏ DƏRC OLUNUB

Niderlandın “Diplomat Magazine” jurnalının noyabr nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Mir-Həmzə Əfəndiyevin “Azərbaycan: davamlı inkişaf hədəf kimi” başlıqlı məqaləsi dərc olunub. Səfir məqalədə müstəqillik əldə etdikdən sonra ölkəmizdəki mürəkkəb siyasi-iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu barədə məlumat verib. O, davam etməkdə olan münaqişənin regional təhlükəsizlik üçün təhdid yaratdığını bildirərək, BMT Təhlükəsizlik Şurasının bununla bağlı müvafiq qətnamələrinin icrasının təmin olunmasının, xüsusən də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkədə xaos və böhrana son qoyulub, uzaqgörən neft siyasəti ölkənin gələcək inkişafı üçün yeni imkanlar açıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin arxitektoru olduğu “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri çəkilib, TAP, TANAP kimi qlobal layihələrin reallaşdırılmasına başlanılıb. Heydər Əliyevin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir vurğulayıb ki, bu gün ölkə qarşısında duran başlıca vəzifələrdən biri iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu istiqamətdə bir sıra uğurlu addımlar atılıb, innovativ islahatlar həyata keçirilib, 2014-cü ildə qeyri-neft sektorunun ölkənin ümumdaxili məhsulundakı çəkisi 60 faiz təşkil edib. Məqalədə, həmçinin qeyd olunur ki, Niderland və Azərbaycan arasında əməkdaşlıq dinamik inkişaf edir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, nazirlər səviyyəsində görüşlər, eləcə də cari ilin oktyabrın 27-də iki ölkənin xarici işlər nazirlərinin görüşü bu əlaqələrin inkişafının bariz nümunəsidir. Bu gün Niderlandın 100-dən çox şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir. İki il ərzində ölkələrimiz arasında 4 biznes-forum keçirilib. Ölkəmizin qeyri-neft sektoruna yatırılmış birbaşa sərmayələrin həcminə görə Niderland dördüncü yeri tutur. Mir-Həmzə Əfəndiyev Azərbaycanda tolerantlıq hökm sürdüyünü vurğulayaraq, bu sahədə dövlət siyasətinin əhalinin dinc yanaşı yaşamasını təmin etmək, birlik və həmrəyliyini gücləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb. Məlumat verilib ki, bu məqsədlə 2008-ci ildə “Bakı prosesi” irəli sürülüb, hər il bu çərçivədə Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə, “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi edib. Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənə halını alıb. 2016-cı ildə “Formula-1”, 2017-ci ildə isə IV İslam Həmrəylik Oyunları və futbol üzrə Avropa çempionatının bir sıra görüşləri Azərbaycanda keçiriləcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti