news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 oktyabr 2016

Azərbaycanla Niderland arasında aqrar sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) və Azərbaycan–Niderland İşgüzar Mərkəz (Business Hub) arasında anlaşma memorandumu imzalanıb.

AMTA-dan AZƏRTAC-a bildiriblər ki, memorandumun məqsədi elmi əsaslara dayanan ölkədə aqrar sektorun inkişafı, birgə layihələr və proqramların həyata keçirilməsidir. Bu əməkdaşlıq çərçivəsində Niderlandın qabaqcıl aqrar inkişaf modellərinin öyrənilməsi və Azərbaycanda tətbiqi istiqamətlərinin araşdırılması, Azərbaycan və Niderland işgüzar və sahibkarlararası əlaqələrin genişləndirilməsi və Azərbaycana investisiyaların cəlb olunması, Niderlandın kənd təsərrüfatının inkişafında kooperativ model təcrübəsinin öyrənilməsi və Azərbaycanda müvafiq ilk kooperativin yaradılması üzrə işlərin görülməsi planlaşdırılır.

Azərbaycan-Niderland İşgüzar Mərkəzin ölkə əlaqələndiricisi Tariyel Mirzəyev iştirakçılara mərkəzin yaranması və məqsədləri haqqında qısa məlumat verərək AMTA ilə bağlanacaq bu anlaşma memorandumun ölkənin aqrar sektorunun inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev son illər ölkədə aparılan uğurlu və məqsədyönlü aqrar siyasətdən danışaraq, bu islahatların yerli məhsul istehsalçı və ixracatçılarına əlavə güc və həvəs yaratdığını bildirib. Niderlandın tətbiq etdiyi məşhur aqrar inkişaf modeli ilə yaxından tanış olduğunu qeyd edən B.Quliyev bu modelin Azərbaycanın kənd təsərrüfatı sektoru üçün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, praktiki təcrübələrin öyrənilməsi istiqamətində aparılan işlər yerli meyvə-tərəvəz sektorunda istehsal və ixrac potensialının daha da artmasına gətirib çıxaracaq.

Niderland Krallığının ölkəmizdəki səfiri Onno Kervers memorandumun real və praktiki işgüzar əlaqələr üçün ən yaxşı bir nümunə olduğunu deyib. O.Kervers kənd təsərrüfatı naziri Heydər Əsədovun iki həftə sonra Niderlanda gözlənilən səfəri və bu anlaşma memorandumunun ölkələrimiz arasında işgüzar mühitin genişlənməsinə müsbət töhfə verəcəyinə inandığını vurğulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti