news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 oktyabr 2016

Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlandda səfərdədir. Səfər çərçivəsində oktyabrın 26-da nazir Heydər Əsədov Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı, kənd təsərrüfatının müxtəlif sektorlarına yeni və innovativ texnologiyaların tətbiqi, investorların cəlb edilməsi, elm və təhsil sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Heydər Əsədov kənd təsərrüfatının hazırda ölkəmizdə iqtisadiyyatın prioritet sahəsi olduğunu və dövlətimizin başçısının bu sektora xüsusi önəm verdiyini diqqətə çatdırıb. Görüşdə Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən subsidiyalar ilə bağlı geniş məlumat verilib, ikitərəfli əməkdaşlığa dair müzakirələr aparılıb.

Nazir Azərbaycan tərəfinin südçülük, süd məhsullarının istehsalı, toxumçuluq, elm və təhsil sahəsinin inkişafı, Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı istiqamətində Niderland ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam Azərbaycanın davamlı inkişafından xəbərdar olduğunu bildirib. Kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşlığa hazır olduğunu söyləyən nazir Avropanın və xüsusilə də Niderlandın kənd təsərrüfatına, elm və təhsilə, innovativ texnologiyalara verilən dövlət dəstəyindən söz açıb, bu sahələrin hazırda onlar üçün prioritet olduğunu diqqətə çatdırıb.

Sonda nazir Heydər Əsədov Niderlandın kənd təsərrüfatı nazirini və bu ölkənin aqrar sahədə fəaliyyət göstərən şirkətlərini Azərbaycana səfərə dəvət edib. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti