AZAL ölkəyə qayıtmaq istəyən sərnişinlərə müraciət etdi
Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə bir çox dövlətlər arasında gediş-gəliş müvəqqəti olaraq dayandırıldığından Azərbaycan milli aviadaşıyıcısı-AZAL vətəndaşlarımızın ölkəyə qayıdışını təmin etmək üçün müntəzəm çarter reyslərini həyata keçirməkdə davam edir.
AZAL bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, Roma və Budapeşt kimi şəhərlərə 12 çarter reysi həyata keçirərək 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib.
Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qaytarılması istiqamətində bütün zəruri tədbirlər görülməkdədir. Azərbaycan Hava Yollarının ekipaj üzvləri, aviakassa əməkdaşları daxil olmaqla bütün heyəti gücləndirilmiş iş rejimində çalışmaqda davam edir.
Uçuşlar zamanı birinci növbədə Azərbaycana geri dönüş bileti olan vətəndaşlarımızın, yaşlı, azyaşlı uşağı olan və xəstəliyi ilə əlaqədar xaricdə olan şəxslərin qayıdışına üstünlük verilir.
Xaricdə olan digər vətəndaşlarımızdan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlik və konsulluqlarında qeydiyyatdan keçmələri və geri dönüşləri üçün müəyyən olunan qrafiklərə ciddi əməl etmələri, bütün dünyanın uçuş sistemində yaranan fövqəladə vəziyyətdə nizam-intizam və vətəndaş məsuliyyəti nümayiş etdirmələri, ajiotaj və təxribat hallarına yol verməmələri tələb olunur.
Bir daha bildiririk ki, vətəndaşlarımızın Azərbaycana qaytarılması üçün çarter reyslərinin davamlılığı təmin ediləcək.