9 may Qələbə günü ilə bağlı Niderlandda tədbir keçirilib
Bu ilin 9 may tarixində Qələbə günü münasibətilə Niderlandın Lesden şəhərində yerləşən “Russisch Ereveld” məzarlığında II Dünya müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Rusiya Səfirliyi tərəfindən mərasim keçirilmişdir. Mərasimdə müvəqqəti işlər vəkili C.Mirzəyev və Səfirliyin ikinci katibi S.Verdiyeva iştirak etmişdir. Tədbirdə Niderland Krallığında akkreditasiya olmuş diplomatik korpusun nümayəndələri, veteranlar, diaspor təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak etmişlər.
Nəzərinizə çatdırırıq ki, sözügedən məzarlıqda Azərbaycan Respublikasının Sovet qoşunlarının tərkibində olan və II Dünya Müharibəsində həlak olan dörd əsgəri (Hüseyn Həsənov, Bəbiş Babayev, Həsən Məmmədov, Əlixan Çinaraşvili) dəfn edilmişdir.
Tədbir bir dəqiqəlik sükut ilə açılmış, daha sonra Rusiya Federasiyasının səfiri Aleksandr Şulqin və “Russisch Ereveld” fondunun nümayəndəsi Remko Reiding tərəfindən qısa çıxışlar edilmişdir. Bunun ardınca, ölkələr və təşkilatlar tərəfindən Sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması mərasimi başlamışdır. Niderland Krallığının Müdafiə Nazirliyinin qarnizonunun müşayiəti ilə Belarus səfiri M.Bariseviç, Rusiya səfiri A.Şulqin, Azərbaycanın müvəqqəti işlər vəkili C.Mirzəyev, Qazaxıstan Səfirliyinin müşaviri R.Urazalin, Ermənistan səfiri Q.Melkonyan, İsrail səfiri A.Şir-on, Böyük Britaniya Səfirliyinin nazir-müşaviri N.Heat, Almaniya müdafiə attaşesi yardımçısı S.Zimmer, Utrext vilayəti qubernatoru U.van Beek, Leusden meri G.Boumester, Niderland Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru D.Berqsma və digər bir sıra təşkilatların nümayəndələri tərəfindən əklillər qoyulmuşdur.
Daha sonra tədbir iştirakçıları II Dünya Müharibəsində həlak olmuş Qərb İttifaqı əsgərlərinin şərəfinə ucaldılan “Fədakarlıq Xaçı” (Cross of Sacrifice) qarşısında qərənfillər qoydular. Yekunda iştirakçılar məzarlığın holland əsgərləri və vətəndaşlarının dəfn olunduğu abidəsinin qarşısında güllər qoydular.